REGİONLAR
Lənkəran Dövlət Universiteti ilə Çukurova Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
Lənkəran, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Türkiyənin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ali təhsil müəssisəsində türkiyəli qonaqla keçirilən görüşdə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Saadəttin Baloğluya ölkəmizin cənub bölgəsi və onun bir parçası olan Lənkəran, rayonun təbii şəraiti, iqtisadiyyatının aparıcı sahələri, kənd təsərrüfatının inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.
Cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU barədə qonağı məlumatlandıran N.İbrahimov universitetin son illər əldə etdiyi uğurlardan, elmin, texnikanın son nailiyyətlərinin təhsildə tədbiqindən, elmlə təcrübənin uzlaşdırılması istiqamətində son iki ildə görülən işlərdən danışıb.
LDU-nun hazırda Türkiyə Cümhuriyyətinin 20-yə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini vurğulayan N.İbrahimov Çukurova Universiteti ilə də elmi-təcrübi əməkdaşlığın yaradılmasında, müəllim-tələbə mübadiləsinin təşkilində maraqlı olduqlarını bildirib.
Türkiyəli qonaq təmsil etdiyi Çukurova Universiteti barədə ətraflı məlumat verıb, elmi-təcrübi əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını qeyd edib.