Lənkəran Dövlət Universitetində dörd yeni laboratoriya istifadəyə verilib
AzerTAg.az
Lənkəran, 18 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universiteti (LDU) 2018-2019-cu tədris ilinə yeniliklərlə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetdə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək , elm ilə təcrübənin vəhdətinə nail olmaq məqsədi ilə müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” və “Aqrokimya” laboratoriyaları müəllim və tələbələrin ixtiyarına verilib.
Yeni laboratoriyalarda xaricdən gətirilmiş müasir avadanlıq və cihazların quraşdırılması və iş prinsipinin əməkdaşlara öyrədilməsi üçün LDU-ya xarici ölkələrdən mütəxəssislər dəvət edilib. İlk olaraq Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər 10 gün müddətində universitet əməkdaşları üçün treninqlər keçirib, onları avadanlıq və cihazların iş prinsipi ilə tanış ediblər. Avropa və Rusiyadan olan mütəxəssislər də bir həftə ərzində LDU-ya gələcəklər.
Xaricdən gətirilmiş avadanlıq və cihazların əksəriyyəti kompüter və internet şəbəkəsinə qoşulmaqla işləyəcək. Bu isə alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradacaq.
Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı tədqiq ediləcək.
Maraqlı yeniliklərdən biri də ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın tərkibində metalların, o cümlədən ağır metalların miqdarının təyin olunmasıdır.
Rusiya Federasiyasının “Texnoanalit” Elm-İstehsalat Mərkəzinin istehsalı olan voltampermetrik “TA-Ekolab” analizatoru bu tədqiqatlar üçün etibarlı vasitədir. Həmin qurğu artıq universitetin “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyasına gətirilib. Yaxın vaxtlarda istehsalçı müəssisənin əməkdaşlarının iştirakı ilə müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.
Tədris prosesində daha bir vacib məqam tədris vəsaitlərinin mövcudluğudur. Alınmış qurğu və avadanlıqların iş proseslərinin öyrədilməsi istiqamətində yeni dərsliklər hazırlanır. LDU-nun professoru, texnika elmləri doktoru Mikayıl Məhərrəmovun rəhbərliyi ilə “Xammal və qida məhsullarının təhlükəsizliyi” adlı dərslik və eyniadlı laboratoriya praktikumu (dərs vəsaiti) bu qəbildən olan dərsliklər sırasına daxildir.
Ali təhsil ocağında “Torpaqşünaslıq” və “Baytarlıq cərrahiyyəsi” laboratoriyalarında quraşdırma işləri də yaxın günlərdə başa çatdırılacaq.
Yeni laboratoriyaların iş prosesi ilə tanış olan LDU-nun rektor vəzifəsini icra edən, professor Natiq İbrahimov universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.



Xəbərin mətnində orfoqrafik səhv var