REGİONLAR
Lənkəran Peşə Liseyində ilk dəfə təbii qara çay istehsal edilib
Lənkəran, 21 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş ölkəmizdə çayçılığın və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı Dövlət proqramlarının prioritet istiqamətlərindən biri bu sahədə peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə 2018-2019-cu tədris ilində Lənkəran Peşə Liseyində “Çay və sitrus ustası”, “Fermer” qrupları fəaliyyətə başlayıb. Bu ixtisaslarda müasir tələblərə cavab verən biliklər əldə etmək üçün tələbələr daha çox praktik işlərlə məşğul olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Peşə Liseyində çayçılığın inkişafında böyük əhəmiyyəti olan çay şitilləri yetişdirilib və ilk dəfə təbii qara çay istehsal edilib.
İstehsalın bütün mərhələlərində liseyin müəllim və tələbələri iştirak ediblər. Yüksək keyfiyyətə malik və tam orqanik olan çay məhsulunun təqdimatı da keçirilib.
Qeyd edək ki, çayçılıq sahəsində təcrübəli kadr hazırlamaq üçün Lənkəran Peşə Liseyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı arasında əməkdaşlıq memorandumu imzalanıb. İstehsal olunan çay məhsulunun hazırlanmasına institutun Lənkəran çay filialı texniki dəstək verib.