REGİONLAR
Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işini davam etdirib
Bakı, 6 iyul, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans iyulun 6-da işini panel formatında davam etdirib. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusundakı paneldə orta məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, şəhərin fəal gəncləri, eləcə də YAP Şəhər Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər DQİDK-nın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dünyada baş verən münaqişələrin bir hissəsi dini motivlidir. Dünyanın bir çox yerində müxtəlif dinlərin əxlaq normalarını, bəşəri və insani prinsiplərini nəzərə almayan, ədavəti yaymağa çalışan qruplar var. Diqqətə çatdırıb ki, son dövrlər bəzən dini dəyərlərlə dünyəvi dəyərlər məqsədli şəkildə qarşılaşdırılır, dünyəvilik anlayışının dini dəyərlərlə ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. G.İsmayılov dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaq kimi arzuolunmaz halların yaratdığı fəsadlara da toxunub.
Azərbaycanın dini radikalizmin son dərəcə az yayıldığı ölkələr sırasında olduğunu deyən G.İsmayılov bunun səbəbini xalqımızın çoxəsrlik tolerant və dini dözümlülük kimi ənənələrə malik olması, dövlətin apardığı din siyasəti ilə əlaqələndirib.
Dini radikalizmlə mübarizə tədbirləri haqqında danışan sədr müavini bu istiqamətdə ən səmərəli metodlardan birinin dini maarifləndirmə olduğunu bildirib. G.İsmayılov dini həqiqətlərin insanlara düzgün çatdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.