REGİONLAR
Lənkəranda “Yeni Nəsil” gənc sahibkarlar üçün “Bootcamp”a start verilib
Lənkəran, 22 iyul, Bağır Əliyev, AZƏRTAC
Gənc sahibkarlara öz dəstəyini göstərən “Yeni Nəsil 2.0” layihəsinin “Sürət” mərhələsi çərçivəsində biznes ideyasına güvənən komandalar üçün “Bootcamp” həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 22-sində Lənkəran şəhərində baş tutan “Bootcamp”ın açılış mərasimində rəsmi qonaqlar, media nümayəndələri və 80-ə yaxın gənc iştirak edib.
Açılış mərasimində çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin Startaplarla iş şöbəsinin müdiri Tengiz Ağakişiyev və Milli Məclisin deputatları Şahin Seyidzadə və Vüqar İskəndərov “Bootcamp”ın iştirakçılar üçün səmərəli keçəcəyini vurğulayaraq onlara uğurlar arzulayıblar.
İyulun 22-dən 26-dək davam edəcək “Bootcamp”ın əsas məqsədi komandalara əldə etdikləri bilik və bacarıqları yaratdıqları məhsul və xidmətlərə tətbiq etmək imkanı verməkdir.
Beş gün ərzində baş tutacaq “Bootcamp”da İnnovasiya/startap, Kənd təsərrüfatı, HoReCa, Qadın sahibkarlığı və digər istiqamətlər üzrə təmsil olun komanda üzvlərinin biznes ideyalarını tətbiq etməsi üçün təsir planı, maliyyə proqnozları, rəqabət və maraqlı tərəflər analizi, dəyər təklifi, böyümə planı və biznes model/marketinq kimi təməl mövzularda ekspert və mentorların moderatorluğu ilə vörkşoplar keçiriləcək.
Eyni zamanda iştirakçıların sərbəst vaxtlarını səmərəli keçirmələri məqsədilə biznes oyunlar və debatlar təşkil olunacaq. Həmçinin, “Bootcamp” çərçivəsində baş tutacaq “Mənim yolum” adlı tədbirdə xüsusi qonaqlar öz hekayələrini iştirakçılarla bölüşəcəklər.
“Yeni Nəsil 2.0” gənc sahibkarlara dəstək layihəsi Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaradan və biznesə öz dəstəyini verən bir illik layihədir.
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Coca-Cola" Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir.
Layihənin yekununda qalib komandalar mövcud investisiya fondundan müvafiq investisiya əldə etmək imkanı qazanacaq.