REGİONLAR
Lənkəranda çəltikçiliyin inkişafı ilə bağlı yeni toxumçuluq təsərrüfatı yaradılıb
Lənkəran, 10 iyul, Bağır Əliyev, AZƏRTAC
Dövlət başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda ölkədə çəltikçiliyin inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri keyfiyyətli toxumlardan istifadə edilməsi, bu məqsədlə çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı yaradılan Azərbaycan Çəltikçilik Assosiasiyası bu tələbləri əsas götürərək Lənkəran rayonunun Siyavər kəndində toxumluq çəltik təsərrüfatı yaradıb. Toxumluq çəltik təsərrüfatının yaradılmasında məqsəd elit çəltik toxumunu əldə etmək, az sahədə yüksək məhsuldarlığa nail olmaqdır. Bu məqsədlə təsərrüfat üçün 75 hektar əkin sahəsi ayrılıb. Toxumluq çəltik əkininə İrandan dəvət olunmuş mütəxəssislər də cəlb ediliblər.
Əkindən əvvəl ilkin mərhələdə torpağın tərkibini öyrənmək üçün aqrokimyəvi analizi aparılıb və əsas qida maddələrinə-gübrə normalarına olan tələbatı müəyyən edilib. Daha sonra İrandan gətirilmiş relyef və iqlim şəraitinə uyğun texnikanın köməyi ilə torpaq əkinə hazırlanıb. Xüsusi qoşulmuş qoşqular vasitəsilə torpaq saatlarla qarışdırılır, alaq otları parçalanaraq gübrəyə çevrilir.
Əkin işləri başa çatdırıldıqdan sonra aqrotexniki qulluq işlərinə başlanılacaq. Ehtiyac olduğu qədər mərhələlərlə gübrələr veriləcək, alaq otlarına qarşı mübarizə məqsədilə herbisidlər səpiləcək. Biçinə 15-20 gün qalmışa qədər çəltik sahələri daima su ilə təmin ediləcək.
Artıq 75 hektar toxumluq çəltik sahəsinin 70 hektarında əkin yekunlaşıb. Qalan 5 hektar sahədə işlər bir neçə günə başa çatdırılacaq. Bu, gələcəkdə 1500 hektar sahədə yüksək keyfiyyətli çəltik əkini aparmağa imkan verəcək.