CƏMİYYƏT
Lənkəranda pediatrlar və terapevtlər üçün qeyri-infeksion xəstəliklərlə əlaqədar səyyar-distant kurs təşkil edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında pediatrlar və terapevtlər üçün “Ailə həkimləri praktikasında qeyri-infeksion xəstəliklərin erkən diaqnostikası,müalicəsi və profilaktikası” mövzusunda səyyar kurs keçirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Lənkəran şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından olan terapevt, pediatr, məntəqə müdirləri və kənd şəhər xəstəxanalarının həkimlərinin iştirakı ilə keçirilən kurs qeyri-infeksion xəstəliklərin düzgün müayinəsi, diaqnostikası və müalicə prinsiplərini sağlamlıq keşikçilərinə çatdırmaq, onların bilik və bacarıqlarını artırmaq məqsədi daşıyıb.
Kursların səyyar hissəsinin proqramına aid olan mühazirələri həkimlərə Lənkəran şəhərində ailə təbabəti kafedrasının müdiri, dosent Eldar Hətəmzadə və dosent Aydın Zeynalov çatdırıblar. Kursun distant hissəsinin proqramına aid olan mühazirələr isə Bakı şəhərindən ailə təbabəti kafedrasının əməkdaşları professor İsfəndiyar Ələkbərov, assistentlər Şəfayət Verdiyeva, İlahə Rəsul, Dinar Qəhrəmanova və institutun otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev tərəfindən "online" rejimində müdavimlərə təqdim olunub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müdavimlər üçün praktik məşğələlər aparılıb.