REGİONLAR
Lənkəranda şumşad odlucası tırtıllarına qarşı kimyəvi mübarizəyə başlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 300 hektar meşə təsərrüfatı sahəsində fitosanitar monitorinqlər həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, monitorinq nəticəsində Lənkəran ərazisində meşə fondu və bələdiyyə ərazilərində, eləcə də Cil kəndi (4 hektar), Şıxakəran kəndi (2 hektar), Osaküçə kəndi (28 hektar) və Şovu kəndi (8 hektar) ərazilərində mövcud olan nil, vələs və hirkan şumşad ağaclarında şumşad odlucasının ikinci nəslinin 1-2 yaş dövrü tırtılları müəyyən edilib.
Məlumata görə, Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin tövsiyələri əsasında fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən Cil kəndində 4 hektar sahədə “Asetisuper” kimyəvi preparatından istifadə etməklə kimyəvi mübarizə işlərinə başlanılıb. Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsilə həyata keçirilir.
Tədbirlərin əsas məqsədi adıçəkilən zərərvericilərin respublika ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdır.
Qeyd olunub ki, şümşad odlucası şəhər yaşıllıqlarına və təbii meşə massivlərinə ciddi zərər vurur. Zərərvericinin il ərzində 2-4 nəsil verməsi meşə sahələrində qidalandıqları bitkilərin qısa müddətdə tam defolyasiyasına və qurumasına səbəb olur. Zərərvericinin qanadları girdə formada və buğumlardan ibarətdir. Onların rəngi açıq mavi rəngdə olur. Şümşad odlucasının əsasən tırtılları ziyan vurur. Tırtıllar bir neçə saat ərzində böyük sahələrə ziyan vurmağa qadirdirlər.
Həmçinin nəzərə çatdırılıb ki, şümşad odlucasına qarşı müşahidələrə erkən yaz aylarında başlanılmalı, ilk sirayətlənmə müəyyən olunan kimi isə mübarizə tədbirlərinə start verilməlidir. Birinci nəsli aprel ayının 15-dən başlayır, noyabr ayına kimi nəslin yaşaması davam edir. Zərərvericiyə qarşı kimyəvi mübarizə zamanı Desis, D-58, Fastaq, B-58 və digər kimyəvi preparatlardan istifadə olunmalıdır.