REGİONLAR
Lənkəranda suvarma mövsümü başa çatıb VİDEO



Bakı, 19 sentyabr, AZƏRTAC
Cənub bölgəsində suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi üçün Lənkəran rayonu ərazisində görülən işlər öz bəhrəsini verib. Əldə olunan yüksək məhsuldarlıq, xüsusən də strateji məhsul çay, çəltik, çiyələk və digər dənli bitkilərin yığımı bunun bariz nümunəsidir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin su anbarı Lənkəran rayonunun 7000 hektar, Astara rayonunun 2000 hektar və Lerik rayonunun isə 284 hektar əkin sahələrini suvarma su ilə təmin edir. Xanbulançay su anbarından başqa, Lənkərançay çayının 12 ədəd sututarından və 14 ədəd artezian quyusundan istifadə olunur. Suvarma mövsümünün əvvəlində Xanbulançay su anbarına 50 milyon kubmetrdən artıq su yığılıb və həmin su səmərəli şəkildə suvarmada istifadəyə edilib. Hazırda - suvarma bitdikdən sonra Xanbulançay su anbarında 18 milyon kubmetr su ehtiyatı qalıb.
Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin balansında 1600 kilometr uzunluğunda suvarma şəbəkəsi mövcuddur. Bunun 960 kilometr uzunluğunda hissəsi bağlı şəbəkələrə aiddir. Bundan başqa, Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin balansında 40 kilometrdən yuxarı beton üzlüklü magistral kanal mövcuddur ki, həmin kanallarda və hidrotexniki qurğularda hazırlıq işləri ilə əlaqədar cari təmir işləri görülüb və suvarmaya hazır vəziyyətə gətirilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün idarənin texnikaları tərəfindən suvarma şəbəkələrində mütəmadi olaraq, lildən təmizlənmə işləri aparılıb. Mövsümün əvvəlindən 456 min kubmetr həcmində torpaqqazma işləri həyata keçirilib.
Qeyd edək ki, suvarma ilə yanaşı, Lənkəran və Astara rayonlarının içməli su təminatının müəyyən hissəsi də Xanbulançay su anbarı vasitəsilə təmin olunur.