REGİONLAR
Lerikdə İslam həmrəyliyinin təbliğində dini icmaların vəzifələri müzakirə edilib
Lerik, 17 may, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini, dini məsələlər üzrə komissiyanın sədri Cəlil Baxşıyev rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edib. Azərbaycanda bütün dinlərə bərabər münasibət göstərildiyini vurğulayan S.Salahlı ölkəmizdəki multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən natiq Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin tarixi missiyanı həyata keçirdiyini bildirib. S.Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verərək, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Müzakirələrdə Soru kənd məscidi dini icmasının sədri Əliənnağı Əliyev, Akuşəpeştə kənd məscidi dini icmasının sədri Teymur Hacıyev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək Lerikdə tam dini sabitliyin olduğunu bildirib, radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin məscidlərə, dini ibadət evlərinə təsirinin qarşısının alındığını və bu istiqamətdə görülən işlərin daim nəzarətdə saxlanıldığını vurğulayıblar.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini qeyd edib. O, Azərbaycanın əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, bu günlərdə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin birliyinə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcək.