SİYASƏT


Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 17-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lerik rayon şöbəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, rayon icra hakimiyyətinin, veteranların və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən SHXÇDX-nin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onların bundan sonra müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inandığını bildirib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən söz açıb. Ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə də dünya standartlarına əsaslanan islahatların müvəffəqiyyətlə həyata keçirildiyi bildirilib.

Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclər adından çıxış edən Rəsul Xanlarov Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu deyib. O, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olacaqlarını əminliklə diqqətə çatdırıb.

Digər çıxış edənlər həqiqi hərbi xidmətin vətəndaşlıq borcu olduğunu vurğulayıblar. Çıxışlarda Azərbaycan xalqının ordumuzun gücünə inandığı vurğulanıb, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə edilib.

Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.