ELM VƏ TƏHSİL
“Leto AMOR-2018” fotomüsabiqəsinin qalibləri elan olunub
Moskva, 26 noyabr, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Leto AMOR-2018” yay əhvalatları fotomüsabiqəsinin qaliblərini elan edib. Müsabiqə hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il müsabiqəyə 300-dən çox fotoiş təqdim edilib. “Leto AMOR-2018” müsabiqəsinin qaydalarına görə, iştirakçılar çəkdikləri fotoları “Instagram” sosial şəbəkəsindəki öz səhifələrində yerləşdirməli və onlara yay əhvalatı barədə kiçik hekayə əlavə etməli idilər.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində çıxış edərək iştirakçılara təşkilatın sədri Leyla Əliyevanın salamlarını və xoş arzularını çatdırıb. O, həmçinin Leyla Əliyevaya Rusiyada yaşayan azərbaycanlı gəncləri daim dəstəklədiyinə görə təşəkkürünü bildirərək qeyd edib ki, azərbaycanlılar son illər Rusiyanın ictimai, sosial-iqtisadi və mədəni həyatında çox fəal iştirak edirlər.
E.Hacıyev, həmçinin azərbaycanlı gəncləri “Rusiyanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində aparılan səsvermədə fəal iştirak etməyə çağırıb. O vurğulayıb ki, Surqut və Nijnevatrovsk, həmçinin Novı Urenqoy aeroportlarında yekun səsvermə siyahısına məşhur azərbaycanlıların - əfsanəvi geoloq Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri Sabit Orucovun adları daxil edilib.
Sonra müsabiqənin qalibləri elan olunub. Səbinə Haşımova “Etnoqrafik rəsmlər” nominasiyasının ən yaxşı müəllifi olub. “Təbiətin naxışları” nominasiyasında birinci yeri Diana Dadaşova tutub. Leyla Süleymanovanın fotoişi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi – tariximiz, bu günümüz və gələcəyimiz” nominasiyasının qalibi olub. “Bakı və bakılılar. Komfortlu şəhər” və “Küçə fotoqrafı” – “Street Art” nominasiyalarında Ülvi Novruzov və Sevinc Alıyeva qalib adını qazanıblar.
Qaliblərə fəxri diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva