SİYASƏT


Lil Universitetinin tədqiqatı: Fransada islamofobiya müsəlman mütəxəssislərin mühacirətə getməsinə səbəb olur

Lil Universitetinin tədqiqatı: Fransada islamofobiya müsəlman mütəxəssislərin mühacirətə getməsinə səbəb olur

Bakı, 15 mart, AZƏRTAC

Lil Universitetinin professoru Olivier Estevesin rəhbərliyi ilə aparılan tədqiqatlar göstərib ki, Avropa qitəsində müsəlmanların ən çox yaşadığı ölkə olan Fransada İslam dininə mənsub olan yüksək təhsilli və ixtisaslı gənclər bu ölkəni tərk edərək Böyük Britaniya, ABŞ, Kanada və Dubaya köçürlər. Artıq kütləvi hal alan köçün səbəbi isə siyasətçilərin demokratiya və insan azadlıqlarından bəhs etdiyi Fransada islamofobiyanın güclənməsidir.

AZƏRTAC Qərb KİV-nə istinadla xəbər verir ki, tədqiqatda son bir neçə ay ərzində Fransanı tək edən 1 mindən çox müsəlman arasında aparılmış rəy sorğusunun nəticələri əks olunub. Professor Esteves bildirib ki, respondentlərin 70 faizi emiqrasiyanın səbəbinin islamofobiya, irqi və dini zəmində ayrı-seçkilik olduğunu bildirib. O əlavə edib ki, yüksəkixtisaslı müsəlman mütəxəssislərin Fransanı tərk etməsi bu ölkənin elm və iqtisadi sahələri üçün zərərli tendensiyadır. “İstehza doğuran hal ondan ibarətdir ki, Fransa hökuməti bu şəxslərin təhsilinə çoxlu vəsait ayırıb, lakin institusional islamofobiya ucbatından onların ölkəyə faydasını görə bilməyəcək”, - deyə professor vurğulayıb.

Bu yaxınlarda Fransadan Böyük Britaniyaya köçən 38 yaşlı maliyyə layihələri meneceri, müsəlman qadın Nataşa Yevtoviç bildirib ki, onun ölkəni tərk etməsinin əsas səbəbi başqa yerdə dini etiqadını sərbəst şəkildə ifadə edə bilməsi, eyni zamanda, daha yaxşı karyera imkanlarına malik olmasıdır. Onun sözlərinə görə, indi Londondakı iş yerində Parisdə olduğundan iki dəfə artıq əməkhaqqı alır. Yevtoviç əlavə edib ki, aparıcı fransız banklarından birində menecer olduğu vaxt dəfələrlə irqçi replikalar eşidib və həmkarları tərəfindən dini zəmində ayrı-seçkiliyə məruz qalıb. Bosniyadan olan qadın Anadolu agentliyinə müsahibəsində deyib: “Parisdəki iş yerimdə irqçi məzmunda atmacalar olurdu və mən bunu dayandırmağı xahiş edəndə, həmkarlarım nahar yeməyində mənimlə bir yerdə oturmaq istəmirdi. Altı aya yaxın onlar mənimlə danışmadı və bir müsəlman qadın kimi özümə hörmət tələb etdiyimə görə boykot edildim”.

Fransız siyasi təhlilçi və insan hüquqları müdafiəçisi, Ədalət və Azadlıqlar Komitəsinin (CJL) sədri Yasir Luti bildirib ki, Fransada din və etiqad azadlığına əməl edilmir və bu səbəbdən müsəlman peşəkar kadrlar ölkəni tərk edirlər. Onun sözlərinə görə, fransız cəmiyyətində islamofobiya mütəşəkkil hal alıb və vəziyyətin bu cür pisləşməsi, il növbədə, Fransanın özünə ziyan gətirir. Y.Luti əlavə edib: “Fransanı tərk edən yüksəkixtisaslı müsəlman gənclər məhz fransızların vergiləri hesabına təhsil alıb və bir mütəxəssis kimi yetişiblər. Lakin islamofobiyanın güclənməsi nəticəsində bu insan kapitalından Fransa deyil, başqa ölkələr faydalanır. Belə olan şəraitdə, fransız siyasətçilərdən soruşmaq lazımdır; sizin bu yanlış siyasətiniz ixtisaslı kadrların qlobal iqtisadiyyata töhfə verməsinə səbəb olduğu bir halda, Fransanı dünyanın və Avropanın “axsaq ördəyinə” çevirmirmi? Müsəlmanlara qarşı ayrı-seçkilik edərək, siz onları mühacirətə vadar edirsiniz. Lakin siyasətçilərin bu suallara cavab verəcəklərini güman etmirəm”. O diqqətə çatdırıb ki, Fransada yaşayan müsəlmanlar təhsil, məşğulluq, məskunlaşma və bəzən səhiyyədə də ayrı-seçkiliyə məruz qalırlar.

2015-ci ildən bəri Fransa hökuməti və parlamenti müsəlmanların hüquqlarını məhdudlaşdıran bir sıra qərarlar, xüsusən 2016-cı ildə qadınların iş yerlərinə hicabla gəlməsini qadağan edən qanun layihəsi qəbul ediblər. 2017-ci ildə isə Fransa Prezidenti Emmanuel Makron və onun mərkəzçi hökuməti imamların rəsmi qurumların tabeliyinə verilməsi barədə qanun layihəsini parlamentdən keçirə bilib. Fransız hökuməti, həmçinin məscidlərin bir hissəsini, müsəlman xeyriyyə cəmiyyətlərini bağlayıb. Yasir Luti bildirib ki, Fransada islamofobiya meyillərinin artması nifrət atmosferi və düşmənçilik yaradır, bu isə siyasətçilərin təqsiri üzündən baş verir.

Fransada islamofobiya ifrat sağ təmayüllü siyasətçilər Marin Le Penin və Erik Zemmurun 2020-ci ildəki prezident seçkiləri kampaniyası zamanı daha da güclənib. Bu siyasətçilərin çıxışlarında İslam dininə qarşı fikirlər və müsəlmanların təhdid edilməsi ön planda olub.

Fransada islamofobiyanın zərərli təzahürlərindən biri də məşğulluq siyasəti ilə bağlıdır. Bu ölkənin hökumətinin 2021-ci ildə dərc etdiyi hesabatda göstərilib ki, iş üçün müraciət edən müsəlmanların şansı 32 faiz daha az olub. Eyni zamanda, Y.Luti qeyd edib ki, başqa Qərb ölkələrində də islamofobiya meyilləri güclənir. Lakin bu sahədə Parisin siyasəti daha aqressivdir. Məsələn, ABŞ-də müsəlmanlar üçün məşğulluq, təhsil və səhiyyə imkanları Fransada olduğundan daha yaxşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.