İDMAN
Lionel Messi “Barselona” ilə yeni müqavilə bağlamaq üçün maaşının 50 faizindən keçməyə hazırdır
Bakı, 29 aprel, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi yeni müqavilə bağlamaq üçün maaşının 50 faizindən keçməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın TV3 telekanalı xəbər verib.
Məlumatda bildirilir ki, futbolçu bunun üçün klubun bir neçə şərti yerinə yetirməsini istəyir. “Barselona”nın prezidenti Xuan Laporta və Messinin agenti olan atası Jorge mümkün müqavilənin detallarını müzakirə etmək üçün bir araya gəliblər. Laporta forvardın sədaqətinə ümid etdiyini bildirərək konkret təkliflər verməsə də, Messi tərəfi yeni müqavilə imzalamaq üçün bir neçə şərt irəli sürüb.
Messinin təklifinə əsasən, klub onunla 2022-ci ilədək müqavilə bağlamalıdır. Daha sonra hücumçu Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubuna keçmək niyyətindədir. ABŞ-dakı çıxışını bitirdikdən sonra Messi İspaniyaya qayıtmağı və “Barselona” klubunun rəhbərliyində yer almağı planlaşdırır. Bu şərtlər müqabilində maddi cəhətdən çətinlik çəkən “Barselona” futbolçunun maaşını 50 faiz azaltmaqla yeni müqavilə imzalamağa hazırdır.
Qeyd edək ki, Messinin hazırkı müqaviləsi bu yay başa çatır.