ELM VƏ TƏHSİL
Lisey və gimnaziyalara 3 min 359 sorğu yerləşdirilib
Bakı, 1 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə birinci sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, qaydalara görə, martın 15-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 min 359 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 258-i ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədən kənar qəbul olunacaqlar. Müsabiqə üçün sorğuların sayı isə 3 min 101-dir.
Ümumilikdə martın 15-dən ötən müddətdə birinci sinfə qəbul üzrə 43 min 533 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə birinci sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Martın 15-dən sentyabrın 15-dək davam edəcək elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.
Həmçinin birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.
Qeyd edək ki, birinci sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideyn ilk mərhələdə iyunun 15-dək övladının sənədlərini müvafiq məktəbə təqdim etməlidir. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul olunur. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.