QAN YADDAŞI
Xocalı faciəsi insanlığa qarşı cinayətdir
Bakı, 20 fevral, AZƏRTAC
Xocalı faciəsinin 26-ci ildönümü ilə bağlı Xətai rayonunda silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Xətai rayonundakı Heydər Əliyev adına liseydə reallaşan tədbir əvvəlcə faciənin tarixini əks etdirən fotosərginin nümayişi ilə başlanıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyevə diqqətə çatdırıb ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Bildirilib ki, Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir. Maarifləndirmə işləri çərçivəsində rayon icra hakimiyyəti tərəfindən xüsusi buklet hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb.
Liseyin direktoru Sevinc Orucova bu soyqırımı aktının xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addım olduğunu söyləyib.
Sonra faciənin tarixindən bəhs edən film nümayiş olunub.
Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarda müharibənin dəhşətləri, ermənilər tərəfindən dinc sakinlərə qarşı edilən amansız vəhşiliklər və xalqımızın göstərdiyi qəhrəmanlıqlar əksini tapıb.