DÜNYA
Liviyanın ən böyük neft yatağında hasilatın gələn həftə tam gücünə çatması gözlənilir
Bakı, 13 oktyabr, AZƏRTAC
Liviyanın ən böyük neft yatağı olan “Sharara”da hasilatın gələn həftə tam gücünə çatması gözlənilir.
AZƏRTAC xəbər verir ki, “Sharara” neft yatağında hasilat bərpa edilib və Ras Lanuf limanına xam neftin nəqlinə başlanılıb.
Xatırladaq ki, Liviyanın Milli Neft Korporasiyası ölkənin qərbindəki “Sharara” neft yatağında fors-major vəziyyəti aradan qaldıraraq hasilatın bərpasını tapşırıb. Bildirilir ki, General Xəlifə Haftarın tabeliyindəki “Neft Obyektləri Mühafizəçiləri” adlı silahlı qruplaşma ilə əldə olunan razılaşmadan sonra yataqdakı fors-major vəziyyət ləğv edilib.
“Sharara”nın işə düşməsindən sonra Liviyada gündəlik neft hasilatının təxminən 350 min barrelə yüksəlməsi gözlənilir.
Qeyd edək ki, “Sharara” neft yatağında iyun ayında fors-major vəziyyət aradan qaldırılmış və yenidən hasilata başlandığı elan edilmişdi. Lakin Haftara tabe milislərin yaratdığı maneələr səbəbindən istehsal qısa müddətdən sonra dayandırılmışdı.