İQTİSADİYYAT
Lökbatan qəsəbəsində növbəti Novruz yarmarkası təşkil olunub
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, kənd təsərrüfatı məhsullarının yarmarkasında mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar satışa çıxarılıb. Yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.
Yarmarkanın məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.
Yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.