İQTİSADİYYAT
M1 magistralının 16-30-cu kilometrlik hissəsində təmir-bərpa işlərinin ilk hissəsi yekunlaşır VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 11,5 kilometr yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Hazırda sözügedən istiqamətdə son 2,5 kilomerlik ərazidə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu 14 kilometr təşkil edir.
Magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək beton arakəsmələrlə əvəzlənir. Bir istiqamət üzrə işlər bitəndən sonra digər istiqamətdə, yəni magistralın 16-cı kilometrdən (“VAZ dairəsi”) 30-cu kilometrədək olan hissəsində yenidənqurma işlərinə başlanılacaq.
Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Bu səbəbdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.