SİYASƏT
MƏCBURİ KÖÇKÜNLƏRƏ XÜSUSİ QAYĞI GÖSTƏRMƏK HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ BORCUDUR
Yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın güzəranının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən bir çox mühüm tədbirlər görülmüş, eyni zamanda hər bir hökumət üzvünə və digər rəhbər işçilərə məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı göstərilməsi tapşırılmışdır.
Ölkə Prezidentinin tapşırığına əsasən, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ərəfəsində ədliyyə naziri Fikrət Məmmədov, nazir müavini Aydın Qasımov və nazirliyin digər rəhbər işçiləri Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşərək, onların problemləri və cətinlikləri ilə maraqlanmış, 120 milyon manat məbləğində bayram sovqatları paylamışlar.
Bayramlar münasibətilə məcburi köçkünləri təbrik edən ədliyyə naziri dövlətimizin başçısı Heydər Əliyevin onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bu sahədə mühüm qərarlar qəbul olunduğunu xatırlatmış, bu insanların doğma yurdlarına qayıdacaqlarına hər bir vətəndaşımızın əmin olduğunu bildirmişdir.
Qaçqınlar və məcburi köçkünlər Prezident Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğının onlara böyük ruh yüksəkliyi verdiyini söyləmiş, öz dərin minnətdarlıqlarını dövlətimizin başçısına çatdırılmasını xahiş etmişlər.