ELM VƏ TƏHSİL
“MƏKTƏBLİ ŞİRKƏTLƏR” LAYİHƏSİNİN SON MƏRHƏLƏSİ KEÇİRİLƏCƏK
Ötən ilin oktyabrından həyata keçirilən layihə şagirdlərin sahibkarlıq sahəsində təcrübi biliklərə yiyələnməsində, onların fərdi biznesinin yaradılmasında və idarə olunmasında iştiraka imkan verən AGN təşkilatının orijinal proqramlarındandır.
ZQAN Holdinqin sponsorluğu ilə “Delfin Hotel”də keçiriləcək tədbirdə layihənin əvvəlki mərhələlərində qalib gəlmiş beş komanda hazırladığı biznes planlarını Azərbaycanda fəaliyyət göstərən biznes müəssisələrinin təmsilçiləri və AGN Direktorlar Şurasının üzvlərindən ibarət münsiflər heyətinə təqdim edəcəklər. Qalib komanda sertifikat alacaq və yay təcrübəsini AGN-in tərəfdaş təşkilatlarından birində keçirəcək.
Xatırladaq ki, altıyaşlı AGN gənclərə azad sahibkarlıq, biznes və iqtisadiyyat kimi sahələri tədris edən, yerli təmsilçiləri vasitəsilə dünyanın 100 ölkəsi ilə əməkdaşlıq qurmuş Beynəlxalq Gənclərin Nailiyyəti (BGN) təşkilatının yerli təmsilçisidir.
O, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və fərdi donorların dəstəyi ilə ötən illər ərzində ölkəmizin 130 məktəbini təmsil edən 22 min şagirdə və 200-dən çox müəllimə təlim keçmişdir.