CƏMİYYƏT
MDBMİ-də Azərbaycan Klubunun nümayəndələri ilə görüş keçirilib
Moskva, 16 oktyabr, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, bu ali məktəbin Beynəlxalq Təbiətdən istifadə və ekologiya kompleks problemləri kafedrasının müdiri, Azərbaycan MDBMİ Məzunları Assosiasiyasının məsul katibi Ruslan Əliyev MDBMİ-nin Azərbaycan Klubunun nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə bir sıra ümumi məsələlərlə bərabər, Azərbaycan-Ermənistan münaqişəsi mövzusuna da toxunulub.
R.Əliyev vurğulayıb ki, bütün Azərbaycan gəncləri kimi, tələbələr də MDBMİ-nin görkəmli məzunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən nümunə götürməlidirlər. İlham Əliyev Azərbaycan üçün bu ağır günlərdə öz yüksək intellektinə və güclü məntiqinə, beynəlxalq hüququn normalarına əsaslanaraq beynəlxalq arenada ölkəmizin mənafelərini müdafiə edir.
Ruslan Əliyev deyib: “İndi Azərbaycan xalqı böyük tarixi dəyişikliklərin astanasındadır. Azərbaycan Ordusu İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın xeyli hissəsini işğaldan azad edib və bu uğuru möhkəmlətməkdə davam edir”. R.Əliyev vurğulayıb ki, hazırda baş verən hadisələr bütün azərbaycanlıları özlərinin nəzərində ucaldan növbəti nailiyyətdir. Azərbaycanın Ali Baş Komandanı ən qısa müddətdə nümunəvi ordu yaratmağa nail olub.
MDBMİ-nin tələbəsi Kənan Dadaşov Rusiyanın bəzi telekanallarının birtərəfli, anti-Azərbaycan mövqeyi tutmasından narahat olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda da baxılan həmin kanalların belə mövqe tutması Azərbaycanın ictimai şüurunda Rusiyanın obrazına çox mənfi təsir göstərir. Belə birtərəfli yanaşmanın ölkələrimiz və xalqlarımız arasında münasibətlərə mənfi təsir göstərməsi yolverilməzdir.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi qeyd edib ki, Azərbaycan xalqı Rusiya xalqı, Rusiya Federasiyasının rəhbərliyi ilə ayrı-ayrı muzdlu siyasətçilər və jurnalistlər arasında fərqi çox yaxşı görür. Prezident İlham Əliyev “RİA Novosti”yə müsahibəsində bu barədə çox dəqiq deyib: “Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik”.
Ruslan Əliyev daha sonra bütün tələbələrə müraciət edərək onları dünyanın siyasi məkanlarında öz ölkələrini və doğma alma-materi ləyaqətlə təmsil etmək üçün təhsilə, müstəqil təhsilə və inkişafa daha çox vaxt ayırmağa çağırıb.
Görüşdə iştirak edənlər – Beynəlxalq jurnalistika fakültəsinin dekanının müavini Nigar Məsumova və Beynəlxalq İqtisadiyyat və Hüquq İnstitutunun direktorunun müavini İqbal Quliyev Ruslan Əliyevin sözlərini dəstəkləyərək bildiriblər ki, provokasiyalara fikir verməyə dəyməz, əsas diqqəti təhsil prosesi üzərində cəmləşdirmək lazımdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva