CƏMİYYƏT
MDBMİ-də Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbir keçirilib
Moskva, 17 oktyabr, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) yanında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) informasiya mərkəzində Ümumdünya Ərzaq Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu tədbir çərçivəsində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Azərbaycanın ən yaxşı şərablarının dequstasiyası təşkil olunub. Tədbirdə RF dövlət strukturlarının, Rusiyanın akademik və pedaqoji ictimaiyyətinin təmsilçiləri, habelə bir sıra ictimai təşkilatların və sahəvi ittifaqların nümayəndələri iştirak ediblər.
Çıxış edənlər, o cümlədən MDBMİ-nin rektoru Anatoli Torkunov aclıq səviyyəsini sıfıra endirmək hədəfinin reallaşdırılmasına beynəlxalq birliyin, BMT qurumlarının, habelə Rusiyanın dövlət strukturlarının, özəl biznesin və vətəndaş cəmiyyətinin töhfələri barədə danışıblar.
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin məsləhətçisi Sevinc Məmmədova Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva humanitar və ekoloji sahələrdə fəaliyyətinə görə “FAO-nun Xoşməramlı Səfiri” fəxri adına layiq görülüb. IDEA, FAO və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və BMT FAO-nun baş direktorunun müavini Laurent Tomasın iştirakı ilə FAO-nun baş ofisində “Azərbaycan otağı” açılıb.
Tədbir başa çatandan sonra bütün qonaqlar Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuş furşetə və Azərbaycanın ən yaxşı şərablarının dequstasiyasına dəvət ediliblər.
Ümumdünya Ərzaq Günü BMT-nin təqvimində ən geniş miqyasda bayram edilən günlərdən biridir. Dünyanın 130-dan çox ölkəsində FAO-nun bölmələri, hökumətlər və yerli hakimiyyət orqanları tərəfindən təşkil olunan tədbirlərdə aclıq səviyyəsinin sıfıra endirilməsi üzrə fəaliyyəti gücləndirmək çağırışları səslənir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva-0-UG