ELM VƏ TƏHSİL
MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu MDB ölkələrinin və Gürcüstanın dövlət dillərinin lüğəti üzərində işləyir
Moskva, 30 yanvar (AZƏRTAC). ABBYY şirkətinin və MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə layihəsi olan elektron lüğət ABBYY Lingvo əsasında yaradılır və MDB ölkələrinin və Gürcüstanın 12 dövlət dili üçün lüğətlərdən ibarət olacaqdır.
Bu, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun ABBYY şirkəti ilə birgə həyata keçirilən xüsusi qeyri-kommersiya layihəsidir. Lüğət Birlik ölkələrinin dövlət dillərinin populyarlaşdırılması və MDB-nin iştirakçısı olan dövlətlər arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur.
Milli dil hər hansı bir milli mədəniyyətin identik əsası, onun gələcək inkişafının təminatıdır. Rusiyanın bir çox regionlarında və MDB ölkələrində milli dillərin qorunub saxlanmasına və inkişaf etdirilməsinə dair dövlət proqramları qəbul olunmuşdur. Milli dil lüğətlərinin yaradılması və geniş yayılması bu proqramların bir hissəsidir. MDB ölkələrinin dövlət dillərinin elektron lüğəti Rusiyada ən çox tələbat olan elektron lüğətlərdən biri – ABBYY Lingvo əsasında yaradılır. Hər gün 7 milyon nəfərdən çox adam xarici dillərdə olan söz və söz birləşmələrinin tərcüməsi üçün bu proqrama müraciət edir.
Proqrama MDB ölkələrinin – Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova Respublikası, Tacikistan Respublikası, Türkmənistan, Rusiya Federasiyası, Özbəkistan Respublikası, Ukrayna və Ermənistan Respublikasının, habelə Gürcüstanın 12 dövlət dili üçün lüğətlər daxil edilmişdir. Elektron lüğət Birlik ölkələrinin dövlət hakimiyyəti orqanlarının və qeyri-kommersiya təşkilatlarının, milli elmlər akademiyalarının, ali məktəblərin əməkdaşları, habelə tələbələr və aspirantlar üçün faydalı olacaqdır.
Unikal dil tərkibinə görə lüğət söz və söz birləşmələrinin MDB ölkələrinin və Gürcüstanın dövlət dillərindən rus dilinə və əksinə maksimum dəqiq tərcüməsini tapmağa kömək edəcəkdir. Beləliklə, proqram təşkilatların mütəxəssislərinə və xüsusi istifadəçilərə MDB ölkələrində və Gürcüstanda kommunikasiyanı sadələşdirməyə və humanitar əməkdaşlığı möhkəmləndirməyə imkan verəcəkdir.
DHƏF İdarə Heyətinin həmsədri Mixail Şvıdkoy layihəni şərh edərək demişdir: “Milli dillərin və milli mədəniyyətlərin dəstəklənməsi və möhkəmləndirilməsi fondumuzun əsas vəzifəsidir. Buna görə də ABBYY ilə birgə layihə bizim üçün xüsusilə maraqlı və əhəmiyyətlidir, çünki belə dil tərkibli lüğət MDB ölkələrinin mədəni irsinin qorunub saxlanmasına kömək göstərən vasitədir”.
Öz ana dili üçün elektron lüğətin yaradılması öz xalqının gələcəyinə töhfədir, onun mədəni ənənələrinin və dilinin gələcək nəsillər üçün qorunub saxlanması yolunda atılan mühüm addımdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva