RƏSMİ XRONİKA
MİLLİ MƏCLİSİN DEPUTATI RƏBİYYƏT ASLANOVANIN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları!
Böyük Öndərimiz, bu gün cismani yoxluğunuzun ağrısını yaşayaraq, əbədiyaşar, qüdrətli, həmişə xalqımın, millətimin başı üzərində olacaq ruhunuza müraciət edirəm!
Bəzən yaxınlaşdırmaq istədiyimiz keçmişi öyrənməyi və naməlum gələcəyə boylanmağı daha önəmli saydığımızdan, müasiri olduğumuz hadisələrin və şəxsiyyətlərin dəyərini sona qədər dərk etmirik. Böyük ictimai proseslərin nisbi başlanğıc və nisbi sonluq məqamlarını müəyyən etmək və bu interval daxilində gedən proseslərin axarına qatılaraq, ona bütöv bir tam kimi baxmaq, prosesləri istiqamətləndirən qüvvənin böyüklüyünü anlamaq fərd üçün çox çətindir.
Hadisələr tarixə çevrildikdən sonra başa düşürük ki, tarix gərəkli və gərəksiz hadisələrin yığını deyil, hadisəyə tarixdə qalmaq haqqı qazandırmış tarixi şəxsiyyətin fəaliyyətinin nəticəsidir. O zaman heyrət və heyranlıqla müşahidə etdiyimiz bu dahi insana deyə bilmədiyimiz sözlərin, görə bilmədiyimiz işlərin nisgilini yaşayırıq. Bir vəfa borcunu, etibar borcunu yerinə yetirməklə təsəlli tapırıq.
Bir neçə gün sonra böyük öndərimizin doğum gününü qeyd edəcəyik. Hər bir insanın ömrünü yaşadığı illərin sayı ilə deyil, xatirələrdə əbədiləşmək haqqı qazanmış günlərin sayı ilə ölçmək daha düz olardı. Ömrünün hər saatını ədalətin, qətiyyətin, xeyirxahlığın təntənəsinə həsr etmiş insanın yaş həddi isə ölçüyə sığmır.
Taleyin kəşməkəşli yollarında azıb qalmış bir insana dayaq olmaq, onun taleyini istiqamətləndirmək böyük fədakarlıqdırsa, Yer kürəsinin dəyişilməz məkanı çərçivəsində yeni maraqlar və mənafelər baxımından formalaşan dünya düzümü içərisində bir millətin milli varlığını təmin etmək ən böyük qəhrəmanlıqdır.
Təkzibolunmaz həqiqətdir ki, gələcək nəsillər müstəqil Azərbaycan dövlətinin yaranması prosesini öyrənərkən XX əsrin sonlarında təlatümlü bir dövrdə yaşamış insanların vətəndaş məsuliyyətindən qürur hissi ilə danışacaq, millətini çeşidli fəlakətlərdən xilas etməyi, müstəqillik adlanan ən qiymətli sərvəti qorumağı həyatının mənası hesab edən böyük öndərimizin ruhu qarşısında baş əyəcəklər.
Ümummilli liderimizin bizə və gələcək nəsillərə ən böyük əmanəti milli müstəqilliyimiz, demokratik, suveren dövlətimiz və bu suverenliyi qorumaq vəzifəmiz və məsuliyyətimizdir.
Qlobal proseslərin təsiri altında milli dövlətçiliyin suverenliyinin təhlükəli anlar yaşaması təkzibolunmaz faktdır. XX əsrin sonu və bəşəriyyətin xoş ümidlərini o qədər də doğrultmayan XXI əsrdə Azərbaycanın suverenliyini təhlükələrdən qorumaq üçün güclü mexanizmin formalaşması ən böyük nailiyyətlərdən sayıla bilər.
- tarixi minilliklərlə ölçülən dövlətçilik ənənələrinin milli dövlətçilik ənənələri səviyyəsinə yüksəlməsi;
- beynəlxalq təcrübədən bəhrələnərək siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqiyə nail olunması;
- real şəraitdə siyasi müvazinətin saxlanılması, beynəlxalq münasibətlər sistemində tarazlaşdırılmış uğurlu siyasət yeridilməsi;
- dövlətçiliyimiz üçün suverenliyin virtual reallığa çevrilməməsi üçün mükəmməl dövlət idarəçiliyi sisteminin yaradılması böyük zəka sahibinin titanik əməyinin nəticəsi olub, Azərbaycanın hər cür təsirlərdən qorunması üçün vacib şərtlərdir.
Milli ruhun qorunması, dövlətçilik hissiyyatının inkişaf etdirilməsi, milli iradənin ictimai-siyasi özünütəsdiqinə nail olunması, vətənpərvərlik duyğusunun milli Mən səviyyəsinə yüksəlməsi də ən böyük tarixi nailiyyətlərimizdəndir.
Dilimizə, dinimizə, tariximizə, gələcəyimizə sahiblik böyük əxlaqi məsuliyyət hissinə əsaslanan milli yiyəlik hissidir, uğurlarımız.
Azərbaycan vətəndaşının daxili azadlığının təzahürü olan etnik milli təfəkkürdən milli dövlətçilik şüuruna gedən milli və ümumbəşəri dəyərlərin sintezinə çevrilən azərbaycançılıq ideyasıdır, ümummilli taleyimizi əks etdirən əvəzsiz tarixi sərvətimizdir. Bu gün fəxarətlə deyə bilərik: azərbaycançılıq vahid milli ruhun təntənəsidir.
Bu uğurlar birmi, yüzmü - saymaq çox çətindir. Bu uğurların hər biri böyük öndərimizin reallaşmış arzularıdır.
Sizsizlik adlanan ağır ruhu, duruma yaraşmayan təkrarolunmaz səsi bu gün də qulaqlarımızda səslənir. Böyük öndərimiz deyirdi: “Mən tam əminəm ki, biz 10 il ərzində böyük yol keçərək, ağır yol keçərək, müstəqilliyi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq.
Biz öz üzərimizə düşən missiyanın birini, ən çətin hissəsini yerinə yetirmişik”.
Zaman keçir, dünya dəyişir, müqayisə imkanlarımız genişlənir, bu fikirdə səslənən həqiqət isə öz böyüklüyünü və əbədiliyini hər gün təsdiqləyir. Söylənilənlərdə Ali bir təvazökarlıq var – demədi mən qurmuşam, demədi mən yaratmışam. Dedi – biz qurmuşuq. Canı qədər əziz bildiyi xalqından azacıq da olsa, aralanmaq istəmədi! Dünyanın ən yüksək tribunalarından milli qürur hissi ilə “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” söylədi.
Böyük ürəklərin yaşamaq və yaşatmaq, qurub-yaratmaq arzusu sonsuz və tükənməz olur. Ruhunu, qəlbini, bacarığını vətənindən, torpağından, millətindən əsirgəməyən şəxsiyyətlərin nəsibi əbədi ehtiram olur.
Dövlətçiliyimizin tarixində, gələcək mərhələlərində özünəməxsusluğu, çətinliyi olacaqdır. Bu, reallıqdır. Biz keçilməmiş yolun yolçularıyıq. Lakin əminliklə bəyan edə bilərik ki, yeni mərhələlərin də çətinliklərini dəf etməyə qadir siyasi liderimizin dövlət başçımızın – möhtərəm Prezident İlham Əliyevin varlığı, siyasi iradəsi yeni uğurları təmin edəcəkdir. Bir millət olaraq Böyük Öndərimizə vəfa borcumuz dövlətimizə, torpağımıza, xalqımıza, dövlət başçısına sədaqətimiz, milli birlik hissimizdir.
Aliliyi və Böyüklüyü qarşısında ürəyimdə dolub-daşan hörməti, məhəbbəti dilə gətirmək üçün ən gözəl sözləri aradım, axtardım. Fəqət anladım ki, dahi şəxsiyyətlər haqqında ən gözəl sözü böyük Peyğəmbərimiz demişdir. Əsrlər boyu yol gəlib, hər nəslin taleyində təsdiqlənən kəlamda deyilir: “İnsanların ən Alisi, ən Kamili öz taleyindən başqalarının taleyinə nur səpəndir!”.
Ruhunuz şad olsun, Ulu Öndərimiz!