SİYASƏT
MİLLİ MƏCLİS SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNİ DAVAM ETDİRMİŞDİR
Milli Məclisin martın 14-də keçirilən iclasında Seçki Məcəlləsi layihəsinin müzakirəsi davam etdirilmişdir.
Müzakirə başlamazdan əvvəl bəzi deputatlar Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə müvafiq olaraq, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatının gündəliyə salınmasını təklif etdilər. İclası aparan Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə bildirdi ki, Nazirlər Kabinetinin hesabatı hazırdır. Amma hazırda Seçki Məcəlləsinin layihəsi müzakirə edildiyi üçün hesabat bir qədər gec dinləniləcək. Ombudsmanın hesabatına gəldikdə isə, qanuna müvafiq olaraq insan hüquqları üzrə müvəkkil bir illik fəaliyyəti haqqında cari il qurtardıqdan sonra hesabat verməlidir.
Layihənin müzakirəsi zamanı deputatlar H.Osmanov, S.Rüstəmxanlı, Z.Oruc, S.Novruzov, A.Manafova, N.Quliyev, N.Əhmədov, G.Əhmədova və başqaları çıxış edərək, seçki komissiyalarının təşkili zamanı hakimlərin təyin olunması, seçki siyahılarının tərtibi, seçkilərdə iştirak üçün şəxsiyyəti təsdiq edən sənədlərin təqdim edilməsi, bir yerdən başqa yerə dəyişdirilən hərbçilərin səsvermədə iştirakı və sair məsələlərə münasibət bildirdilər.
Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bununla əlaqədar bildirdi ki, hakimlərin seçki komissiyalarında iştirakı Konstitusiya ilə ziddiyyət təşkil etmir. Ona görə ki, hakimlər seçki komissiyasına təyin olunarkən hakim kimi aldıqları əmək haqları saxlanılır, onlara əlavə pul ödənmir. Şəxsiyyəti təsdiq edən sənəd dedikdə isə köhnə sovet pasportları, 9 nömrəli forma, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi nəzərdə tutulmuşdur. Hərbçilərə gəldikdə isə, onları bir yerdən başqa yerə dəyişdirən orqanlar hərbçilərin həmin ərazilərdə səsverməsinin təşkilini təmin edəcəklər. Seçki siyahılarını məntəqə və dairə seçki komissiyaları hazırlayıb MSK-da təsdiq etdirəcəklər.
Müzakirələr günün ikinci yarısında davam etdirildi. Deputatlar Z.Qaralov, S.Səfərov, K.Əliyev, N.Xudiyev, H.Mirzəyev və başqaları layihəyə dair təkliflərini bildirdilər.
Ş.Əliyev bunlara aydınlıq gətirərək dedi ki, xaricdə yaşayan vətəndaşların seçkilərdə iştirakından söhbət getdikdə, Azərbaycanın konsulluq şöbələrində qeydiyyatda olanlar nəzərdə tutulur və onlar üçün seçki məntəqələri səfirliklərdə və konsulluqlarda yaradılır. Hazırda qüvvədə olan qanunlardan fərqli olaraq, Məcəlləyə əsasən, xaricdə yaşayan həmin şəxslər Milli Məclisə seçkilərdə və bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklər. Ona görə ki, Milli Məclisin deputatları konkret dairələr üzrə seçilir və xaricdə yaşayan soydaşımızın hansı dairədən olduğu və deməli, hansı deputatlığa namizədə səs verəcəyi məlum deyildir.
Seçki fondlarının minimum əmək haqqına deyil, şərti maliyyə vahidinə bağlanması təklifinə gəldikdə isə, Ş.Əliyev bildirdi ki, minimum əmək haqqı ölkədə əhalinin yaşayış səviyyəsinin göstəricilərindən biridir. Minimum əmək haqqı artdıqca seçki fondlarının məbləğləri də artacaqdır. Hərbçilərin səsvermədə iştirakında da problem olmayacaqdır. Ona görə ki, hərbi qulluqçular hərbi hissələrdə yaradılacaq məntəqələrdə səs verəcəklər.
Seçki Məcəlləsi layihəsinin ümumi hissəsində müşahidə hüququ aktiv seçki hüququnun bir hissəsi kimi təhlil edilmişdir. Heç kim müşahidəçi hüququndan məhrum edilə bilməz. Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçən müşahidəçilər bütün prossesi izləyə bilərlər. Deputatlığa namizədlərin vəkillərinin 3 nəfər, bələdiyyə üzvlüyünə namizədlərin vəkillərinin isə 6 nəfərdən ibarət olmasının da hüquqi əsası vardır. Ona görə ki, hər bir deputatlığa namizəd 30-35 min seçicinin yaşadığı dairəni əhatə etməlidir. Bələdiyyə seçkilərində isə bu rəqəm 100 minə çata bilər. Yerli rəy sorğusunun Seçki Məcəlləsi ilə nizamlanması isə düzgün olmazdı. Ona görə ki, yerli rəy sorğusunun nəticələri dövlət üçün imperativ xarakter daşımır.
Müzakirələr martın 17-də keçiriləcək növbəti iclasda davam etdiriləcəkdir.