MƏDƏNİYYƏT
MİRZƏ KAZIMBƏYƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA
İyunun 19-da Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli azərbaycanlı şərqşünas, maarifçi, Rusiyada şərqşünaslıq elminin banilərindən biri, dünya şöhrətli alim və mütəfəkkir Mirzə Kazımbəyin anadan olmasının 200 illiyi münasibətilə elmi sessiya keçirilmişdir.
M.Kazımbəy ərəb, fars, türk, rus, alman və fransız dillərini mənimsəmiş və bu dillərdə onun filologiya, tarix, şərqşünaslıq elmlərinə dair 100-ə yaxın elmi tədqiqat əsəri nəşr olunmuşdur. O, bir sıra ölkələrin elmlər akademiyasının və elmi cəmiyyətlərinin üzvü seçilmişdir. Təsadüfi deyildir ki, bu il böyük alimin yubileyi YUNESKO tərəfindən geniş şəkildə qeyd olunur.
Sessiyanı giriş sözü ilə muzeyin direktoru, filologiya elmləri namizədi İsrafil İsrafilov açdı.
Hüquq elmləri doktoru Ağababa Rzayevin “Mirzə Kazımbəyin həyat və yaradıcılığı”, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin “Mirzə Kazımbəyin fəlsəfi görüşlərinin tədqiqi problemi”, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Mirzə Kazımbəyin dahi şəxsiyyət kimi yetişməsində dillərin əhəmiyyəti” mövzusunda məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxış edən natiqlər M.Kazımbəyin dünyanın məşhur alimləri arasında özünəməxsus yer tutduğunu diqqətə çatdırmaqla yanaşı, onun böyük elmi xidmətlərindən, fəlsəfi görüşlərindən və şəxsiyyətindən, əsərlərinin dünyanın bir çox dillərində nəşr olunduğundan söz açdılar, elmi irsinin daha geniş tədqiq və təbliğ olunmasının vacibliyini vurğuladılar.