İQTİSADİYYAT
“MİR 24” telekanalı: Azərbaycanda bol üzüm məhsulu yığılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Qızmar yay günəşi Azərbaycanın qərb bölgəsində bol üzüm məhsulu yetişməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, “MİR 24” televiziya kanalının bu sözlərlə başlayan reportajında qeyd olunub ki, Göygöl rayonunun fermerləri bu mövsümdə min tona yaxın üzüm yığmağı nəzərdə tuturlar. Gilələri əzməmək üçün üzüm yığımı cəldlik və diqqət tələb edir. Bol məhsul yığmaq üçün üzüm bağlarında iş sübh çağından axşamadək davam edir. “Bol məhsulumuz var. Üzümün hər giləsi şirəlidir. Gün ərzində 150 vedrə məhsul toplayırıq”, -deyə üzümçü Gülyanaq Bəşirli telekanala müsahibəsində bildirib.
Hər hektardan 50 ton məhsul yığılır. Fransız üzüm növü özünəməxsus rəngi ilə seçilir. Azərbaycanın iqlim şəraitinə uyğunlaşsa da, bu növ xüsusi becərmə üsulu tələb edir. Fermerlərin sözlərinə görə, adi suvarma və budama ilə kifayətlənmək olmaz.
“Hər bir kola diqqətlə qulluq edirik və gübrə veririk. Qışda şaxtadan, yayda həşəratlardan qoruyuruq. Payızda yaxşı yetişmiş məhsul alırıq, yerli növləri isə artıq yığıb qurtarmışıq”, - deyə üzümçülərin briqadiri qeyd edir.
Bol məhsul şərabçıları da sevindirir. Toplanan salxımlar dərhal onlara göndərilir. Doğrayıcı maşınlar üzüm gilələrinin salxımdan ayırır və şirəsini çəkir. Sonra onu sisternlərdə saxlayırlar.
Zavodun baş şərabçısı Rasim Ömərov əlavə edir: “Biz müasir aparatlardan istifadə edirik. Çünki xammal növləri xüsusi yanaşma tələb edir. Bu il istehsal etdiyimiz şərabın nəfis dadı var”.
Reportajda qeyd olunur ki, təkcə Göygöl rayonunda artıq 500 ton üzüm yığılıb və daha bu qədər də yığılması nəzərdə tutulur. Ümumilikdə, Azərbaycanın 12 rayonunda 16 min 500 hektarlıq üzüm bağları var.