MİSİRDƏ DÜNYANIN ƏN QƏDİM ƏLYAZMALARINDAN BİRİ YOXA ÇIXMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın Qahirədən aldığı məlumatda deyilir ki, Misirin İskədəriyyə şəhərində keçən Beynəlxalq əlyazmalar konfransında qədim əlyazmalardan birinin yoxa çıxması xəbəri qalmaqala səbəb olmuşdur. Misirin ”Dar əl-Kütub” kitab xəzinəsinin direktoru Ayman Fuad bildirmişdir ki, erkən orta əsrlərin görkəmli islam ilahiyyatçısı imam Məhəmməd İdris əş-Şəfiiyə məxsus əlyazma xəzinədən oğurlanmışdır.
A.Fuadın sözlərinə görə, əlyazmasının izsiz-soraqsız yoxa çıxması ”Dar əl-Kütub”un yeni rəhbərliyinin kitab sərvətinin qorunmasına və kataloqlaşdırılmasına məsuliyyətsiz münasibətinin nəticəsidir. Kitab xəzinəsinin indiki direktoru Məhəmməd Halal Qəddur isə A.Fuadı “yanlış məlumat yaymaqda” təqsirləndirmişdir.
İmam əş-Şəfii (767-820) sünnilikdə yeni məzhəbin - şəfiiliyin banisidir. Yayılmasına görə hənəfilikdən sonra dünyada ikinci yer tutan bu məzhəbin 100 milyon tərəfdaşı var. Şəfiilik Fələstin, Livan, Misir, İraq, İndoneziya və Səudiyyə Ərəbistanında yayılmışdır. İmamın Qahirədəki qəbri isə ziyarətgahdır.
Xəbərin mətnində orfoqrafik səhv var