DÜNYA
MİSİR ARXEOLOQLARININ TAPINTISI
İTAR-TASS-ın verdiyi xəbərə görə, bir qrup alman və Misir arxeoloqu Misirin Şərqiyyə əyalətində, Qahirədən təxminən 100 kilometr aralıqda yerləşən Təl-Bəstə deyilən yerdə firon II Ramzesin arvadlarından birinin nəhəng heykəlini tapmışlar.
Bu heykəl Misirin şimalında tapılmış heykəllərdən ən irisidir. Onun çəkisi 100 ton, hündürlüyü 11 metr, eni isə 3 metrdir. Tapıntı ayaqüstə duran və sol əlində şanagüllə çiçəyi tutmuş qadının təsvirindən ibarətdir. Heykəlin “kürəyində” iki sıra heroqlif aşkar olunmuşdur. Qırmızı qranitdən olan bu əsər bərpa ediləcək, sonra isə yenidən Təl-Bəstədə qoyulacaqdır. Bu barədə Misirin qədim abidələr üzrə ali şurasının başçısı Zahi Həvvas xəbər vermişdir.
Arxeoloqlar güman edirlər ki, tapıntı II Ramzesin arvadlarından birinin – Merit Əmenin və yaxud da Nefertarenin təsviridir. Lakin hələlik qəti nəticəyə gəlmək tezdir – heykəl hələ torpaq altından bütünlüklə çıxarılmamış, onun “kürəyində” olan yazılar isə tamamilə oxunmamışdır.