SİYASƏT
MOSKVADA NOVRUZ BAYRAMINI QEYD EDƏCƏKLƏR
Şərq xalqlarının bir çoxunun ən sevimli bayramlarından biri olan Novruz bayramına cəmi bir neçə gün qalır. Bu bayramı Rusiyanın paytaxtı Moskvada da səbirsizliklə gözləyirlər.
Martın 21-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın Rusiya Federasiyasındakı səfirlikləri və milli diasporları Novruz bayramı münasibətilə təntənəli gecə təşkil edəcəklər.
Birgə tədbir Azərbaycanın Moskvadakı səfirilyinin təşəbbüsü və Ümumrusiya Azərbaycan Konqresinin ən fəal köməyi ilə keçiriləcəkdir. Xatırladaq ki, bu, Rusiya Federasiyasında akkreditə olunmuş səfirliklərin diplomatiya təcrübəsində ilk belə təşəbbüsdür. Bu xalqların milli diasporların folklorunun, incəsənətinin əksini tapacağı geniş proqram çoxsaylı qonaqlara sevinc bəxş edəcəkdir. Şənliyə Rusiya dövlətinin yüksək vəzifəli şəxsləri, siyasi dairələrin nümayəndələri dəvət edilmişdir. Tədbirdə minə yaxın qonağın iştirak edəcəyi gözlənilir.
Təntənəli gecə həmyerlimiz, tanınmış iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Araz Ağalarova məxsus olan “Krokus Siti Moll” Ticarət-sərgi işgüzar mərkəzində olacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva