RƏSMİ XRONİKA
MÜQƏDDƏS RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRİ BORİS ALEKSENKONUN ÇIXIŞI
Zati-müqəddəsləri şeyxülislam hacı Allahşükür Paşazadə!
Hörmətli cənablar, həmkarlar!
Bugünkü mötəbər məclisə dəvətə görə təşəkkürümü bildirmək istərdim. Zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, çox hörmətli Heydər Əliyeviç Əliyevin bu bayram barəsində sözlərini sizə xatırlatmaq istəyirəm. O demişdir ki, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən mübarək aylarından biridir. Heydər Əliyeviçin bu dediklərindən daha yaxşı sözlər tapmaq çətindir. Bu gün biz onun apardığı siyasətə görə ona çox minnətdarıq. İndi Azərbaycanda bu siyasəti İlham Heydəroviç davam etdirir.
Azərbaycanda işləyən biz səfirlər nəinki sosial-iqtisadi sahədə inkişafın yüksək sürətinin, həm də mənəviyyatın, əxlaqın, mədəniyyətin, idmanın yüksək səviyyədə inkişaf etdiyinin şahidiyik. Konstitusiyaya görə dinin dövlətdən ayrılmasına baxmayaraq, biz dövlətin bu sahəyə necə qayğı və diqqət göstərdiyini görürük.
Biz məbədlərin, müqəddəs ocaqların, məscidlərin bərpa edildiyinin şahidiyik. Bundan əlavə, biz Şüvəlan, Nardaran və digər yerlərdəki müqəddəs ocaqların dirçəldiyini də görürük. İlham Heydəroviç, biz şəxsən Siz başda olmaqla Azərbaycan Respublikası hökumətinin mənəviyyatın, mədəniyyətin və idmanın inkişafına qayğı göstərdiyini görürük. Təsadüfi deyil ki, oktyabrın 15-də seçilmiş Azərbaycan Prezidenti bu mübarək Ramazan ayında özünün ilk nitqini söyləmiş və müqəddəs Qurana əl basaraq and içmişdir. Hesab edirik ki, Heydər Əliyeviçin öyrətdiyi kimi, mədəniyyəti, mənəviyyatı və əxlaqı yüksəltmək və gücləndirmək yolu ilə iqtisadiyyat sahəsində böyük uğurlara nail olmaq mümkündür. Bu gün biz iqtisadiyyatın, mədəniyyətin və mənəviyyatın mütənasib yüksəlişini müşahidə edirik. Ona görə də təsadüfi deyil ki, bu gün inkişaf sürətinə görə Azərbaycan keçmiş Sovet İttifaqı məkanında aparıcı yerlərdən birini tutur. Hesab edirik ki, Azərbaycanın gələcək tərəqqisi üçün böyük zəmin, təməl yaradılmışdır.
Bu gün biz burada din xadimlərinin səsləndirdikləri arzulara qoşuluruq. İnanırıq və ümid bəsləyirik ki, Azərbaycan nəinki sürətli iqtisadi dəyişikliklər və demokratikləşmə yolu ilə, həm də mədəniyyət və mənəviyyatın yüksəlməsi yolu ilə gedir. Biz Azərbaycan xalqının necə yüksəldiyini görür və inanırıq ki, Azərbaycan bütün dünyada inkişaf etmiş ölkələrdən biri olacaqdır.
Bu gün mən bütün Azərbaycan xalqına sülh, həmrəylik və tərəqqi arzulayıram.
Diqqətinizə görə sağ olun.
X X X
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə dəyərli çıxışına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, xalqımızın sevimli oğlu cənab Heydər Əliyevin tezliklə sağalıb Vətənə dönməsi üçün bu müqəddəs günlərdə dualar edildiyini xüsusi vurğuladı.
Sonra iftar süfrəsi açıldı.
X X X
Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər.