DÜNYA
MÜSƏLMANLAR NİDERLANDDA MƏSCİD TİKİLMƏSİNƏ MƏHDUDİYYƏT QOYULMASININ QARŞISINI ALDILAR
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Rotterdamın müsəlman təşkilatları şəhərdə məscidlərin tikilməsini məhdudlaşdırmaq və cümə namazlarına senzura qoymaq istəyən ifrat sağ təmayüllü “Leefbaar Rotterdam” Partiyasının planlarını pozmuşlar.
İslam Təşkilatları İttifaqının başçısı Yusif Davran demişdir ki, onlara bu işdə digər nüfuzlu siyasi partiya dəstək vermiş və nəticədə İslama nifrət bəsləyənlərin planları boşa çıxmışdır.
“Leefbaar Rotterdam” Partiyası öz lideri Pim Fortaynın sayəsində 2002-ci ilin mart ayındakı seçkilərdə qələbə çalaraq, 32 il hakimiyyətdə olmuş Leyboristlər Partiyasını əvəz etmişdir. Partiya müsəlmanlar əleyhinə digər tədbirlərdə, məsələn, minarələrin hündürlüyünün 35 metrədək məhdudlaşdırılmasını və Rotterdamın 25 məscidində dini ayinlərin icrasına senzura tətbiq olunmasını təklif edir.