“MÜSAVAT” VƏ AXCP SƏDRLƏRİNİ QEYRİ-QANUNİMÜŞAYİƏT EDƏN SÜRÜCÜLƏR YOL HƏRƏKƏTİQAYDALARINI HƏR DƏFƏ KOBUD ŞƏKİLDƏ POZURLAR
AzerTAg.az
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Müsavat” partiyasının sədri İsa Qəmbərovun və AXCP sədri Əli Kərimovun istifadə etdikləri və onları müşayiət edən avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını qrup şəklində kobud sürətdə pozur, ümumi nəqliyyatın normal hərəkətinə maneçiliklər törədir, başqa nəqliyyat vasitələri və piyadalar üçün qəza şəraiti yaratmaqda davam edirlər. Bu gün, Səbail rayonu ərazisində, əhalinin sıx olduğu və nəqliyyatın intensiv hərəkət etdiyi Neftçilər prospektində İsa Qəmbərovun istifadə etdiyi “Nissan-Maksima” markalı, AZ 10 KK 104 nömrə-nişanlı avtomobil və onu qeyri-qanuni müşayiət edən 3 avtomobildən ibarət kartejin, eyni ilə Əli Kərimovun istifadə etdiyi “Mersedes-230” AZ 10 DS 884 nömrə-nişanlı və onu müşayiət edən “Mersedes” və “Pejo” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını növbəti dəfə kobud sürətdə pozmuşlar. Onlar bu qanunsuz hərəkətlərin qarşısını almaq istəyən Dövlət Yol Polisi əməkdaşlarına tabe olmayaraq müqavimət göstərmişlər. Hadisə yerinə gəlmiş əlavə polis əməkdaşlarının köməyi ilə İsa Qəmbərovu müşayiət edən 4 avtomobil, onların sürücüləri və 4 nəfər cangüdən, eləcə də Əli Kərimovu müşayiət edən 2 avtomobil və onların sürücüləri saxlanılaraq Səbail rayon polis idarəsinə gətirilmişlər. Sonuncunu müşayiət edən 3 nəfər cangüdən isə aradan çıxmışdır. İlkin araşdırmalar zamanı Əli Kərimovun şəxsi istifadəsində olan nəqliyyat vasitəsinin saxta nömrələrlə istismar olunduğu müəyyən edilmişdir. Hər iki fakt üzrə təhqiqat aparılır.
Xəbərin mətnində orfoqrafik səhv var