REGİONLAR
Maarifləndirici tur-aksiya şagirdlərin vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır
Ağcabədi, 18 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyəsi ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyasına Ağcabədi rayonundan olan məktəblilər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə iştirakçıları ilə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və vətənpərvər ruhda formalaşdırmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.
Bildirilib ki, Ağcabədi rayonunun məktəbliləri 4 gün ərzində Lənkəranda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olacaq, Astara rayonunda Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, dənizkənarı bulvar, “Yanar bulaq” və çay fabrikinə, Masallı rayonunda isə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı və Masallı Sənaye Məhəlləsinə ekskursiya edəcəklər.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olub, rayon ərazisində həmişəyaşıl ağaclar əkiblər.
Ağcabədi şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, səfərlərinin maraqlı və mənalı keçməsini arzulayıblar.
Tur-aksiyada iştirak edən şagirdlər ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.
AZƏRTAC-0-