CƏMİYYƏT
Madaqaskarda yeni lemur növü aşkar edilib
Bakı, 10 fevral, AZƏRTAC
Alimlər Madaqaskar adasının şimalında quraq meşələrdə məskunlaşan yeni lemur növü aşkar ediblər. O, cırtdan, yaxud siçovulabənzər lemurlar (Cheirogaleus) növünə aiddir. Heyvan 2014-cü ildə aşkar edilib. Lakin bir növ kimi rəsmi surətdə bu yaxınlarda “Primate Conservation” jurnalında təsvir olunub.
AZƏRTAC “ecoportal.su” saytına istinadla xəbər verir ki, indiyədək elmə məlum olmayan lemur Sintiya Frezyerin başçılıq etdiyi bir qrup ABŞ, Madaqaskar və Avstraliya alimi tərəfindən üzə çıxarılıb. Onun bədəninin uzunluğu 12,4 santimetr, quyruğunun uzunluğu 15,5 santimetr, çəkisi 125 qramdır. Kürəyi və ətrafları boz xəzlə örtülüb, iri gözlərinin ətrafı sanki qara rəngli haşiyəyə alınıb, qarnı ağdır, qulaqlarında seyrək nazik tüklər var. Yeni növ “Global Wildlife Conservation” qeyri-hökumət təşkilatı şurasının sədri Brayan Şetin şərəfinə latınca “Cheirogaleus shethi” adlandırılıb. Tədqiqatçılar bu şəkildə B.Şetin təbiətin mühafizəsinə və Madaqaskar faunasının elmi tədqiqinə yönələn səylərini qeyd etməyi qərara alıblar.
Bu növdən olan lemurlar Madaqaskarın Ankarana və Alamerana qoruqlarında, habelə onların yaxınlığında yerləşən və mühafizə olunan Andrafiamena-Andavakoera və Loki-Manambato təbiət ərazilərində məskunlaşıb. Yeni növün kəşfindən sonra cırtdan lemur növlərinin ümumi sayı səkkizə çatıb.