MƏDƏNİYYƏT
Madriddə Diplomatların Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq xeyriyyə yarmarkası keçirilmişdir VİDEO
Madrid, 27 aprel (AZƏRTAC). Madriddə Diplomatların Beynəlxalq Assosiasiyasının (Associacion Internacional de Diplomaticos en España-AİDE) təşkilatçılığı ilə “KERMES 2014” beynəlxalq xeyriyyə yarmarkası keçirilmişdir.
Yarmarkada İspaniyada akkreditə olunmuş 50-yə yaxın diplomatik nümayəndəlik ölkələrinin mədəniyyətini, mətbəxini və musiqisini yerli əhaliyə tanıtdırmışdır. Bu məqsədlə hər bir ölkənin masasında milli suvenirlər, yeməklər və şirniyyatlar təqdim edilmişdir. Əldə olunmuş vəsait İspaniya Kraliçasının “Reina Sofia Fondu”na köçürüləcəkdir. Həmin vəsait serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaqdır.
Yarmarkada Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən quraşdırılmış masada ölkəmizin milli şirniyyatları - paxlava, şəkərbura, badambura, Quba bükməsi, həmçinin yeməklərimizdən kükü, dovğa, şərablarımız, milli ornamentləri əks etdirən suvenirlər, geyimlər sərgi iştirakçılarında böyük maraq doğurmuşdur. Satışa çıxarılmış bütün məhsullar az vaxtda satılmışdır.
İspaniya Kraliçası Sofiya Azərbaycan masasına xüsusi maraq göstərmişdir. Kraliça masamızdan armudu stəkan dəsti almaq istəmiş, lakin bu məhsullar ona hədiyyə olunmuşdur. Vurğulamaq lazımdır ki, protokol qaydalarına görə, kraliça heç vaxt yarmarkada satılan məhsullara toxunmur. Lakin Azərbaycanın masasına İspaniyanın birinci xanımının marağı böyük olduğundan o, milli suvenirlərimizi əlinə alaraq baxmışdır.
Sərgidə iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilmişdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid