İDMAN
Madriddə Dünya Karate Federasiyasının növbəti konqresi keçirilib
Bakı, 6 noyabr, Nicat Məmmədov, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə Dünya Karate Federasiyasının (WKF) növbəti konqresi keçirilib.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Konqresdə ötən iki ilin hesabatı dinlənilib, qarşıdakı dövrün planları müzakirə olunub və bir sıra məsələlər həlini tapıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak ediblər.
Konqresin əvvəlində WKF-in prezidenti Antonio Espinosa Yaponiyanın ən yüksək mükafatlarından olan “Gümüş və Qızıl ulduzlu Doğan Günəş” ordeni təqdim olunub. O, bu ordenə dünyada karatenin inkişafı, Tokio Olimpiadasının proqramına daxil edilməsi və beynəlxalq əlaqələrdə gərgin zəhmətinə görə layiq görülüb.
Buenos-Ayresdə Yeniyetmələrin III Olimpiya Oyunlarında karatenin uğurlu debütündən danışan WKF prezidenti A.Espinos Tokio Olimpiadasına hazırlıq işləri, rəhbərlik etdiyi təşkilatın fəaliyyətində bir sıra irəliləyişlər və yeniliklər olduğunu diqqətə çatdırıb. O, həmçinin karatenin 2022-ci ildə Dakarda Yeniyetmələrin IV Olimpiadasının və 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi istiqamətində işlərə başlanıldığını, eləcə də WKF-in parlaq gələcəyi olduğunu və bu nailiyyətlərin bütün milli federasiyalarla birgə fəaliyyət nəticəsində əldə edildiyini söyləyib.
Polşa və Filippin karate federasiyaları işlərində ciddi nöqsanlara görə, səsvermə yolu ilə WKF-dən uzaqlaşdırılıblar. Bundan başqa WKF-in müxtəlif komitələri təşkilatın 200-dək ölkədən rəsmi üzvləri qarşısında hesabat verib.
Konqresdə böyüklərin 25-ci dünya çempionatının 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, 2022-ci ildə isə Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi, 2019-cu ildə yeniyetmə və gənclərin növbəti dünya çempionatının Çilinin paytaxtı Santyaqoda təşkil edilməsi də təsdiqlənib. 2021-ci ildə isə yeniyetmə və gənclərin dünya çempionatının Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsinin namizədliyi qeydə alınıb. Konqresdə, həmçinin səsvermə ilə WKF-in İcraiyyə Komitəsinin üzvləri seçilib.