ELM VƏ TƏHSİL
Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi sabah da davam edəcək
Bakı, 13 avqust, AZƏRTAC
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 14-ü saat 10-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. On dörd bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız göstərilən vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.