İDMAN
Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə Bakıda veloyürüş keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Hindistanın milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə iyunun 3-də Bakıda veloyürüş keçirilib. Veloyürüş Hindistanın ölkəmizdəki səfirliyinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində Ümumdünya Velosiped Günü münasibətilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna tədbirdə çıxış edərək Mahatma Qandinin ölkəsinin tarixində mühüm yer tutduğunu vurğulayıb. Hindistan Respublikasının qurucularından olan Mahatma Qandi sülh, qardaşlıq, qeyri-zorakılıq ideyalarını fəal təbliğ edib. Mahatma Qandi təkcə Hindistan xalqının deyil, bütün bəşəriyyətin inkişafına çalışdığı üçün onun irsi həm də dünya xalqlarına aiddir. Görkəmli tarixi şəxsiyyətin mənəvi saflıq, ətraf mühitin mühafizəsi ilə bağlı mütərəqqi ideyaların müəllifi və təbliğatçısı olduğunu qeyd edən diplomat onun velosipeddən geniş istifadə etdiyini deyib. Bildirib ki, məhz bu baxımdan Mahatma Qandinin anadan olmasının 150 illiyi 3 iyun - Ümumdünya Velosiped Günündə qeyd edilir. Səfir velosipedin mobillik və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Rüfət Quliyev, Azərbaycan Əlil Velosipedçilər Klubunun təsisçisi, paravelosiped idmanı üzrə baş məşqçi Amid Həsənquliyev belə tədbirlərin Azərbaycan-Hindistan münasibətlərinin inkişafının təzahürü olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu, həm də ətraf mühitin mühafizəsinin və velosipeddən istifadənin təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Yürüşə Azərbaycan Velosiped İdmanı Federasiyasının və Dövlət Təhlükəsizliyi Xidmətinin velosiped idmanı klubunun üzvləri, ictimaiyyətin nümayəndələri, gənclər olmaqla yüzə yaxın velosipedçi qatılıb. Veloyürüşün iştirakçıları Qoşa Qala qapısından bulvaradək olan məsafəni qət ediblər.
Qeyd edək ki, Mahatma Qandinin yubiley tədbirləri ötən il oktyabrın 2-dən bu il oktyabrın 2-dək dünyanın müxtəlif ölkələrində qeyd olunur. Hindistanın ölkəmizdəki səfirliyi yubiley münasibətilə reallaşdırdığı silsilə tədbirlər çərçivəsində iyunun 5-də Salyan şosesində yerləşən Dostluq parkında ağacəkmə aksiyası da təşkil etməyi planlaşdırır. Aksiya çərçivəsində 150 ağacın əkilməsi nəzərdə tutulur.