İQTİSADİYYAT
Malayziya Azərbaycan ilə qarşılıqlı investisiya potensialını genişləndirir
Kuala Lumpur, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Perak ştatından geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Perak ştatının ali investisiya qurumu sayılan Perak Korporasiyasından və bu qurumun aparıcı komponentlərindən biri olan “LUMUT” Dəniz Terminalı Şirkətindən nümayəndələrin Azərbaycanın bir sıra müəssisə və təşkilatları ilə, o cümlədən Ələt Azad İqtisadi Zonasında, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-də və Azərbaycan Sahibkarlar Konfederasiyasında görüşləri nəzərdə tutulub. Malayziyalı nümayəndə heyətinə Perak Ştatı Assambleyasının üzvü, Perak ştatı Birinci nazirinin iqtisadi məsələlər üzrə xüsusi müşaviri Abd Manaf bin Haşim rəhbərlik edir.
Azərbaycanın Malayziyadakı səfirliyindən verilən məlumatda bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi strategiyasının nəticəsi olaraq ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mahiyyəti, həmçinin xarici sərmayədarlar üçün yaradılmış dayanıqlı biznes mühiti ilə tanış olacaq, qarşılıqlı əməkdaşlığın inkişafı üçün azərbaycanlı tərəfdaşlarla danışıqlar aparacaqlar.
Qeyd edək ki, Malay yarımadasının qərb sahilində yerləşən Perak ştatı qədim tarixi ilə yanaşı, geniş ehtiyatlara malik qalay mədənlərinin istismarı, beynəlxalq dəniz nəqliyyatı, turizm, kənd təsərrüfatı, sənaye və xidmət sahələri üzrə Malayziyanın qabaqcıl federal ərazi vahidlərindən biri hesab olunur.
1991-ci ildə təsis edilmiş Perak Korporasiyasının əsas fəaliyyət istiqamətləri limanların idarə edilməsi, logistika və logistika infrastrukturunun inkişaf etdirilməsi, yeni şəhərsalma layihələri, regional inkişaf, turizm və otelçilik kimi sahələri əhatə edir.
“LUMUT” Dəniz Terminalı Şirkəti isə Malayziyanın ən səmərəli və məhsuldar karqo terminalı sayılır. 1995-ci ildə təsis edilmiş şirkət bu gün 62 yerli, 30 beynəlxalq müəssisə ilə fəal əməkdaşlıq edir. Melaka boğazı kimi strateji məkanda yerləşən terminal bir çox beynəlxalq nəqliyyat və logistika qurumları üçün olduqca cəlbedici hesab olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur