İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası Lüksemburq Təlim Mərkəzi ilə birgə təlim keçirib
Bakı, 6 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası Lüksemburq Təlim Mərkəzi - ATTF ilə birgə əməkdaşlıq çərçivəsində təlimçi ekspert Ruben Olielagersin təqdimatında “Risklərin idarəedilməsi: Bankların tənzimlənməsi (Bazel prinsipləri)” mövzusunda növbəti təlim proqramı keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim proqramı çərçivəsində maliyyə xidmətlərində risklərin idarə edilməsi, əməliyyat riskləri, kredit riskləri, likvidlik riskləri, banklara nəzarət üzrə Bazel Komitəsi və maliyyə xidmətlərində risklərin tənzimlənməsinə dair mövzulara toxunulub və perspektiv trendlər müzakirə olunub.
Təcrübə mübadiləsi və müzakirələrlə zəngin olan təlimdə bank nümayəndələri və palatanın əməkdaşları iştirak ediblər.
Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.