İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə "PwC" arasında növbəti dövr üçün perspektiv məsələlər müzakirə edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə "PwC" şirkəti arasında növbəti dövr üçün perspektiv məsələlər müzakirə edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palata rəhbərliyi "PwC" şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdən danışılıb, növbəti dövr üçün perspektiv məsələlər müzakirə olunub.
Palatanın idarə heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların maliyyə sisteminə müsbət təsirləri, bank sektorunun cari göstəriciləri və digər yeniliklər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
"PwC" şirkətinin partnyoru Fəxri Mustafayev qeyri-işlək aktivlərin rezolyusiyası barədə təcrübələrini bölüşərək palata ilə "PwC" şirkəti arasındakı mövcud əməkdaşlığın yüksək səviyyədə olmasından məmnun olduğunu bildirib. O, təmsil etdiyi qurumun ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu nəzərə çatdırıb.