REGİONLAR
Maliyyə Tədris Mərkəzi növbəti təkmilləşdirici kursa start verib
Naxçıvan, 27 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini uğurla davam etdirir.
Muxtar respublikanın Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fevralın 26-dan başlanan növbəti təlimlərə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında çalışan maliyyə və mühasibatlıq üzrə 24 mütəxəssis cəlb olunub.
“Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları ilə keçirilir.
Kursun gündəliyinə uyğun olaraq, birinci gün Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov çıxış edib və “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda təlim iştirakçılarına ətraflı məlumat verib. Təlimdə praktik məsələ və testlərin həllinə geniş yer ayrılıb. Eyni zamanda, bir sıra mərhələlərlə suallar cavablandırılıb, testlər işlənib, sorğu-anketlərin doldurulub.
Dörd gün təşkil olunacaq təkmilləşdirici kursda növbəti günlərdə mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və xəzinə əməliyyatlarının təşkili və uçotu mövzuları üzrə məlumatların əhatəli şəkildə iştirakçılara çatdırılması nəzərdə tutulur. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları – slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən vəsaitlər təqdim olunacaq.
Kursun sonunda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.