İQTİSADİYYAT
Maliyyə məsələləri ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 7 noyabr (AZƏRTAC). Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycanda maliyyə savadlılığı aylığı keçirilir.
Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, noyabr ayı üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində Mərkəzi Bankın bir qrup əməkdaşı Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin şagirdləri ilə görüşmüşlər.
Tədqiqatlar və İnkişaf Mərkəzinin inkişaf departamentinin direktoru Asif Cahangirov lisey şagirdlərinə Beynəlxalq Əmanət Günü və maliyyə savadlılığı aylığı barədə geniş məlumat vermiş, əhalinin, o cümlədən məktəbli gənclərin bununla bağlı maarifləndirilməsinin əhəmiyyətindən danışmışdır.
Departamentin əməkdaşı Rövşən Qəniyevin “Pul və bankçılığın tarixi” mövzusunda təqdimatı interaktiv şəkildə qurulmuş, şagirdlərə pulun və bankçılığın tarixinə dair bir sıra maraqlı faktlar çatdırılmışdır.
Görüşün sonunda lisey şagirdlərinə “Məktəblinin şəxsi büdcə planlaşdırılması” kitabçası, bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər paylanmışdır.
Mərkəzi Bank, maliyyə savadlılığı aylığına qoşulmuş ölkə bankları və digər təşkilatlar tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.