MƏDƏNİYYƏT


Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov ölkəmizdə səfərdə olan Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri Raymond Bondi ilə görüşüb.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Zakir Sultanov ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verərək Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb.

Z.Sultanov ölkəmizin bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusi ilə UNESKO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Hazırda ölkəmizdə bir sıra tarixi abidələrdə bərpa-konservasiya işlərinin aparıldığını diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada bərpa-konservasiya işləri həyata keçirilir. O, artıq bərpa layihəsi yekunlaşan Mərdəkan qalasında da yaxın vaxtlarda bərpa işlərinə başlanılacağını diqqətə çatdırıb.

Raymond Bondin ölkəmizin zəngin mədəni irsinin onda dərin təəssürat oyatdığını bildirərək, səfər müddətində bir sıra muzeylərdə, tarixi məkanlarda olduğunu vurğulayıb. Bildirib ki, Çıraqqala abidəsi, Hövsan və Türkan kəndləri yaxınlığında yerləşən “Araba yolları” dünya mədəni irsi baxımından unikal abidələrdir. Çıraqqalanın unikallığı qalanın böyük bir müdafiə səddinin tərkib hissəsi olması və ətraf landşaftının insan təsirlərinə az məruz qalmasıdır. Qonaq hər iki abidənin UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına salınmasının vacibliyini qeyd edib. “Araba yolları”nın Maltada da olduğunu qeyd edən R.Bondin bu abidələrin dünyaya tanıdılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.