İDMAN
“Mançester Siti”nin baş məşqçisi klubla kontraktın müddətini uzatmaq niyyətindədir
Bakı, 11 mart, AZƏRTAC
İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi ispaniyalı Xosep Qvardiola klubla kontraktın müddətini 2023-cü ilədək uzatmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, 48 yaşlı mütəxəssis Mançesterdən olan klubun kontraktı uzatmaq təklifini qəbul etmək niyyətindədir. Qvardiolanın qüvvədə olan kontraktının müddəti 2021-ci ilin yayında bitir.
Daha əvvəl xəbər verilmişdi ki, Qvardiola İtaliyanın hazırda Massimiliano Alleqrinin himayəsində olan “Yuventus” klubu ilə dördillik müqavilənin imzalanmasının mümkünlüyünü nəzərdən keçirir.
Qvardiola “Mançester Siti”də 2016-cı ildən çalışır. Bu vaxt ərzində klub İngiltərə çempionatını, İngiltərə Superkubokunu və iki dəfə İngiltərə Liqası Kubokunu qazanıb. 2017/2018-ci illər mövsümündə ispaniyalı İngiltərə çempionatının ən yaxşı məşqçisi hesab edilib. Cari mövsümdə “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində birinci yerdədir, komandanın aktivində 30 oyundan sonra 74 xal var. Klub Çempionlar Liqasının səkkizdəbir final oyunları çərçivəsində martın 12-də Almaniyanın “Şalke” komandası ilə cavab matçında qarşılaşacaq. Almaniyada keçirilən ev oyunu ingilislərin 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.