SİYASƏT
Marneulidə qadınların problemləri ilə bağlı görüş keçirilmişdir
Bakı, 3 may (AZƏRTAC). Marneuli Rayon İcra Hakimiyyətində Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının, “Gənc pedaqoqlar və psixoloqlar” Assosiasiyasının təşkilatçılığı ilə gənclər və QHT nümayəndələri ilə “Qadın səsi” mövzusunda görüş keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Gənc pedaqoqlar və psixoloqlar” Assosiasiyasının rəhbəri Nana Çopliani müasir dövrdə qadınların qarşısında duran problemlərdən, onların öz hüquqlarını kifayət qədər bilməməsindən, cəmiyyətdə qadın problemlərinin ətraflı işıqlandırılmamasından danışmışdır.
Gürcüstan Ombudsman Aparatının rəsmisi İzabella Osipova isə çıxışında “Qadın səsi” layihəsi haqda məlumat verərək, bu mövzuda Marneuli televiziyasında xüsusi veriliş təşkil etdiklərini, verilişə milli azlıqların nümayəndələri ilə yanaşı, azərbaycanlı qadınların da dəvət edildiyini bildirmişdir.
Tədbirdə Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədri Leyla Məmmədova, “Mtredi” qeyri-hökumət təşkilatının rəhbəri Səbinə Talıbova, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva, Gürcüstan Azərbaycanlı Gənclər Forumunun rəhbəri Zemfira Əzizbəyova və başqaları erkən evlilik, qadınların seçkilərdə namizədliklərini irəli sürməməsi, gənclərin dövlət dilini hələ də zəif öyrənməsi, dövlət strukturlarında çalışan rəsmilərin dil baryerinin həll edilməsində fəallıq göstərməmələri və gender bərabərliyi haqqında danışmışlar.