QAN YADDAŞI


Mart soyqırımı - unudulmayan tarix!

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Azərbaycan Hərb Tarixi Muzeyində 1918-ci il 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “1918-ci il mart hadisələri - unudulmayan tarix!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin, muzeyin tədqiqatçı-baş elmi işçiləri Nacı Həsənovun və Vahid İsmayılovun, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayevin məruzə və çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, 1918-ci ilin Mart soyqırımı miqyasına və amansızlığına görə yalnız Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı cinayətlərdən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu ərazilərdə şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Diqqətə çatdırılıb ki, təkcə Bakıda bir həftə ərzində 12 mindən çox günahsız müsəlman əhali vəhşicəsinə qətlə yetirilib. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara, quyulara atır, dənizə tökürdülər. Bakıda Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdi.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.

İrəvan quberniyasının 199 kəndində tarixi mənbələrə görə, minlərlə azərbaycanlı məhv edilib, kəndlər isə yerlə-yeksan edilib. Erməni silahlı dəstələri tərəfindən Qarabağın dağlıq hissəsində də 150 kənd dağıdılıb, əhalisi məhv edilib.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 10 mindən çox azərbaycanlı öldürülüb və ya şikəst edilib. 50 min azərbaycanlı doğma yurdundan qaçqın düşüb.

1918-ci ilin mart-aprel aylarında, həmçinin Şamaxıda minlərlə dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.

Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.