İQTİSADİYYAT
Martda OPEC üzrə neft istehsalı azalıb
Bakı, 10 aprel, AZƏRTAC
Martda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft hasilatı geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 534 min barrel azalaraq sutkada 30 milyon 20 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,2 faizə düşüb.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya, Konqo və Nigeriya artırıb. Liviyanın sutkalıq neft hasilatı 196 min barrel çoxalaraq 1 milyon 98 min barrelə çatıb. Konqoda gündəlik istehsal 23 min barrel artaraq 334 min barrel olub. Nigeriyada isə sutkalıq neft hasilatı 11 min barrel çoxalaraq 1 milyon 733 min barrelə yüksəlib.
Martda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Venesuela və İraqda azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 324 min barrel azalaraq 9 milyon 794 min barrelə düşüb. Venesuelada istehsal 289 min barrel geriləyərək sutkada 732 min barrel təşkil edib. İraqda hasilat 126 min barrel azalaraq 4 milyon 522 min barrelə düşüb.
Keçən ay dünyada 92 qazma qurğusu fəaliyyətini dayandırıb və ümumilikdə qurğuların sayı 2 min 370-ə geriləyib. Həmin qurğuların 564-ü OPEC-ə üzv ölkələrdədir.